Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Orijinal məhsulu saxtadan fərqləndirməyin 10 üsulu. İkinci hissə

Orijinal məhsulu saxtadan fərqləndirməyin 10 üsulu. İkinci hissə

09.12.2020

Onlayn sifarişlər, onlayn alış-veriş və sadəcə alış-veriş zamanı bizə bilməli olduğumuz, orijinal məhsulları saxtadan fərqləndirməyin 5 üsulu haqda bloqumuzun birinci hissəsində danışmışdıq. İndi isə, bloqumuzun ikinci hissəsi ilə tanış olaraq, oflayn və onlayn alış-veriş zamanı aldanmamaq üçün sizə gərəkli olacaq biliklərə agah olacaqsınız. Bu məlumatlarla alış-veriş zamanı orijinal məhsulları saxtalardan həm alışdan öncə fərqləndirməyi, həm də əgər artıq iş-işdən keçibsə və siz artıq məhsulu almısınızsa onun orijinallığını necə yoxlayacaqınızı biləcəksiniz. Əgər onlayn sifariş verdiyiniz məhsulun saxta olduğu məlum olubsa, kefinizi pozmayın. Ən azından biləcəksiniz ki, daha həmin onlayn mağazadan alış-veriş etmək lazım deyil. Onlayn mağazalardan danışmağa başlamışkən, çox uzatmadan keçək birinci üsulumuza.
 

1.Onlayn alış-veriş etdiyiniz mağazaya diqqət yetirin. Bu bənddə bizə bir qədər diqqətli olmağımız kifayət edəcək. Sifariş verəcəyiniz saytın güvənilir olub-olmadığına diqqət yetirin. Əgər bunu necə yoxlayacağınızı bilmirsinizsə, onlayn alış-veriş saytlarının güvənilirliyi haqda olan bloqumuza daxil olaraq, ətraflı məlumat ala bilərsiniz. Lakin, bəzən onlayn alış-veriş saytının keyfiyyətli, texniki baxımdan etibarlı olması, geniş assortiment, heç də orda satılan məhsulların orijinallığından xəbər vermir. Hər hansı bir brendin geyimini onlayn sifariş verməzdən öncə, alış-veriş edəcəyiniz saytın brendin rəsmi təmsilçiləri sırasında olub-olmadığını yoxlamağınız məsləhətdir.

 

onlayn-alis-veris-magaza-sayt

2. Brendin adı, loqotipi və etiketlər. Loqotiplər haqqında artıq danışmışdıq. Təbii ki, biz brendin adının düzgün yazılışına, keyfiyyətli tikişinə diqqət yetirməliyik. Lakin, toxunmaq istədiyimiz daha bir məqam var. Bəzi brendlər müxtəlif kateqoriyalı geyimlərində, loqotiplərini fərqli təsvir edirlər. Məsələn, Dolce & Gabanna brendi birinci kateqoriyalı(lyuks) məhsullarının loqotiplərində, etiketlərində brendin adını “Dolce & Gabanna” olaraq qeyd edir. İkinci kateqoriyalı, daha geniş auditoriya üçün nəzərdə tutulan məhsullarda isə, “D & G” olaraq qeyd edir. Bu səbəbdən, növbəti alış-verişiniz zamanı, brendin loqotipinin görməyə öyrəşdiyimizdən fərqli olması sizi qorxutmasın. Yaxşı olar ki, brendin bu kimi incəlikləri ilə öncədən tanış olasınız. Həmçinin orijinal məhsulların etiketlərində çox vaxt brendin adı, geyimin tərkibi, modelin seriya nömrəsi və istehsalçı ölkə qeyd edilir. İstehsalçı ölkə demişkən...

 

onlayn-alis-veris-brend-loqo

3.Alış-veriş zamanı istehsalçı ölkə ayrı bir yaralı mövzudur. “Made in China” etiketdəki bu kiçik yazı neçə-neçə yolunu səbirsizliklə gözlədiyimiz onlayn sifarişlərimizin “gözdən düşməyinə” səbəb olub... Lakin, sizə kiçik bir xoş xəbərimiz var. “Made in China” saxta məhsul qarantı deyil. Əksər böyük brendlər istehsalını yalnız məxsus olduğu ölkədə həyata keçirmir. Bu iqtisadi səbəblərdən irəli gəlir. Hər hansı bir şərti İtaliya brendi öz məhsullarını sadəcə İtaliyada deyil, Çində də, İndoneziyada da, Böyük Britaniyada da həyata keçirir. Növbəti dəfə onlayn sifarişinizin etiketində bu və ya digər ölkənin adını gördükdə kefinizi pozmağa tələsməyin. Bunun əvəzinə onlayn sifariş etdiyiniz brendin etiketdə göstərilən ölkədə istehsalının olub-olmamasını yoxlayın.

 

onlayn-alis-veris-istehsalci-olke-made-in-china

 

4.Lüks geyimlər və kütləvi istehsal üçün nəzərdə tutulan geyimlər. Adətən məhşur brendlər geyimlərini 3 kateqoriyaya bölürlər. Bunlar haute couture, pret-a-porter və mass market kateqoriyalarıdır.

 

Haute couture kateqoriyası dəb nümayişlərində təqdim edilən və bizə bəzən qəribə gələn geyimlərdir. Bu modellər son dərəcə baha olur və məhdud sayda istehsal edilirlər və onlara hətta brendin rəsmi mağazalarında rastlamaq müşkül məsələdir. Onlayn alış-veriş saytlarında isə aydın məsələdir ki, bu kateqoriyaya aid məhsulları əldə edə bilmərik.

 

Pret-a-porter kateqoriyasına isə, lüks lakin, daha geniş auditoriya üçün nəzərdə tutulan geyimlər daxildir. Bu kateqoriyaya daxil olan modellər bir qayda olaraq baha, lakin, əlçatmaz deyillər. Brendlərin rəsmi onlayn mağazalarından sifariş verə bilərsiniz.

 

Üçüncü kateqoriya isə mass marketdir. Bu modellər geniş kütlə üçün nəzərdə tutulmuş və daha əlçatan modellərdir. Siz onları brendlərin onlayn mağazalarından, onlayn alış-veriş saytlarından sifariş edə bilərsiniz. Bu məhsulların orijinallığını isə sadaladığımız üsullarla asanlıqla təyin edə bilərsiniz.

 

onlayn-alis-veris-geyim-kateqoriyalari

 

5.Qablaşdırmaya diqqət edin. Tutaq ki, onlayn sifariş verdiyiniz ayaqqabılar nəhayət ki, Bakı ofisimizdədir, siz də onlayn kuryer xidməti vasitəsi ilə çatdırılma sifariş vermisiniz. Məhsul sizə çatdırılır və həmin an yetişir. Məhsulu qablaşdırmadan çıxarıb daha öncə sadalanan bəndlər üzrə yoxlamazdan öncə, qablaşdırmaya da diqqət yetirin. Orijinal məhsulun keyfiyyətli materiallardan, keyfiyyətli fittinqlərdən hazırlandığını bilirik. Sadaladığımızlar təbii ki, qablaşdırmaya da aiddir. Onlayn sifariş verdiyiniz hər hansı məhsul keyfiyyətsiz qutuda, qablaşdırmada gələ bilməz.

 

onlayn-alis-veris-qablasdirma

Bununla da bloqumuzun ikinci hissəsini də tamamladıq. İstər onlayn sifariş zamanı istərsə də, oflayn alışveriş zamanı sadaladığımız bəndlərə diqqət yetirərək, özünüzü saxta məhsullardan asanlıqla qoruya biləcəyinizə əmin olun. Növbəti bloqlarımızda da sizinlə onlayn alış-veriş zamanı lazım olacaq faydalı informasiya ilə bölüşməyə davam edəcəyik.